QHT-lərlə dialoq genişlənir

“Hamıya fikirlərini bildirmək üçün imkan yaradıldı
 
Rauf Zeyni: “Vətəndaş cəmiyyətinin bütün problemləri müzakirə olundu”
Prezidentin köməkçisi Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev görüşə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və prioritet məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib. Hikmət Hacıyev isə vurğulayıb ki, Prezident İlham Əliyev cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verir.
O, qeyri-hökumət təşkilatlarının ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində maraqlı olduğunu bildirib. Həmçinin, ictimai nəzarət mexanizmlərinin zəruriliyini diqqətə çatdırıb.
Görüşlə bağlı “Şərq”ə danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni onlayn tədbirin çox maraqlı, səmərəli və effektli keçdiyini söyləyib. R.Zeyninin sözlərinə görə, görüş QHT-lərlə bağlı bütün məsələləri əhatə edib:
“Öncə Hikmət müəllim çıxış etdi və bildirdi ki, ölkə Prezidenti vətəndaş cəmiyyətinə çox böyük önəm verir, ictimai sektorun inkişafına maraq göstərir. Həmçinin, hökumət-QHT dialoqunun genişləndirilməsini və ictimai nəzarət mexanizminin geniş tətbiq olunmasını istəyir.
Vurğulandı ki, bütövlükdə vətəndaş cəmiyyətinin tərəqqisi, beynəlxalq əlaqələri gücləndirməsi və milli maraqlarımızı dünyada müdafiə etməsi tələb olunan məqamlardır. Görüşdə iştirak və çıxış edən QHT nümayəndələri vətəndaş cəmiyyətinin bütün mövcud problemlərini diqqətə çatdırdılar.
Mən də öz çıxışımda qeyd etdim ki, ötən il Milli QHT Forumu olaraq 10-23 iyul tarixində “Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda” ekspertlərin görüşünü təşkil etmişdik. İndiki görüşə qatılan QHT rəhbərlərinin əksəriyyəti həmin toplantıda idi.
O zaman hamı birmənalı qeyd etmişdi ki, vətəndaş cəmiyyətinin bir çıxış yolu var, o da cənab Prezidentin QHT-ləri qəbul etməsidir. Hesab edirdik ki, əgər dövlət başçısı ilə görüş olarsa, qeyri-hökumət təşkilatlarının yığılıb qalmış bütün problemləri həll oluna bilər”.
R.Zeyni vurğulayıb ki, ayın 26-da baş tutan görüşdə Hikmət Hacıyev böyük ümidlərlə çıxış edib: “Əslində görüş canlı olmalıydı, amma pandemiyaya görə onlayn rejimdə keçirildi. Buna baxmayaraq, hər iştirakçıya fikirlərini bildirmək üçün imkan verildi. Hamı düşüncəsini sərbəst bəyan etdi. Vətəndaş cəmiyyətinin elə bir problemi qalmadı ki, orada qeyd olunmasın. Hüquqi bazanın təkmilləşdirilməsi, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, daimi ofislə təmin olunması, İctimai Şuralarının formasının dəyişdirilməsi və s. bütün müstəvilərdə səslənən fikirlər Hikmət Hacıyevin diqqətinə çatdırıldı. Sonda Hikmət müəllim bildirdi ki, dialoq müxtəlif sahələri əhatə edən qeyri-hökumət təşkilatları ilə daha geniş tərkibdə davam etdiriləcək. Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət səviyyəsində nə lazımdırsa, ediləcək”.
Paylaşın: