Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə də, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə nizami ordu quruculuğu prosesi başladı. Bu proseslər hazırda da ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda son illərdə dünyanın ən güclü 50 ordusunun sıralarına daxil olmasının səbəbi odur ki, NATO standartlarına uyğun ordu yarada bilmişik.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib:
“Ordumuz ən müasir silahlarla təmin edilib. O cümlədən, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrora qarşı mübarizədə ordumuzun böyük xidmətləri olub. Bu da beynəlxalq müstəvidə Azərbaycan ordusunun hansı səviyyədə olduğunun göstəricisidir. Ümumiyyətlə, illik hesabatlarda, beynəlxalq yarışlarda, tədbirlərdə istər şahinərimiz, istər tankçılarımız istərsə də bütün sahələri əhatə edən ordu birləşmələrimiz çox böyük uğurlar qazanıblar”.
Rauf Zeyni bildirib ki, bütün bunlar sayəsində ordumuz Ali baş komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır: “2016-cı ildə aprel döyüşlərində 4 gün ərzində ordumuz nəyə qadir olduğunu, öz qüdrətini ortaya qoydu, bir sıra yüksəklikləri azad etdi. Təəssüflər olsun ki, beynəlxalq münasibətlərə görə ordumuz torpaqlarımızın işğaldan azad etdirilməsini davam etdirə bilmədi. Yalnız dörd gün davam edən döyüşlərdə öz yüksək qabiliyyət və qüdrətini nümayiş etdirdi. Mən 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Ali baş komandan İlham Əliyev başda olmaqla, bütün silahlı qüvvələri təbrik edirəm. Yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad olunmasını arzu edirəm. Bu bayramların Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında keçirilməsini arzu edirəm. İnanıram ki, ordumuz, xalqımız, dövlətimiz buna qadirdir”.