Koronavirus pandemiyası bütün dünyanı özünə tabe edib. Bütün ölkələr, o cümlədən Azərbaycan hökuməti koronavirusla mübarizə aparmaq üçün gücləndirilmiş tədbirlər həyata keçirirlər.
Ölkədə koronavirusla mübarizə tədbirləri ilə bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
– Rauf bəy, karonavirus infeksiyasının coğrafiyası genişlənməkdədir. Əvvəlcə ölkəmizdə bu virusa qarşı görülən tədbirlər barədə danışmağınızı istərdik…
– Dünyada çox böyük bir təhlükə yaradan koronavirus pandemiyası ölkəmizdə də narahatlıq yaradıb. Bütünlükdə xalqımız, dövlətimiz, vətəndaş cəmiyyəti tam səfərbər olunub. Maksimum az itkilərlərlə bu problemdən çıxmaq üçün bütün imkanlar, qüvvələr səfərbər olunub. Prezident də başda olmaqla ilk gündən bütün müvafiq tədbirlər görülüb və davam edir. Ən vacib məqamlardan biri kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və karantin elan olunub. Bununla yanaşı, xaricdən ölkəyə on mindən artıq tələbə və vətəndaş gətirilib. Prezident tərəfindən dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb, 100 milyon manat vəsait isə vətəndaşlar və şirkətlər tətəfindən yığılıb.
– Bu yaxınlarda MQF-də Koronavirusla Mübarizə Qərargahı yaradıldı. Hansı işləri görürsünüz?
– Dövlət Dəstəyi Şurasının sədri təşəbbüs göstərdi və QHT-lər o təşəbbüsə səs verdilər. MQF İdarə Heyətinin qərarı ilə MQF Koronavirusla Mübarizə Qərargahı yaradıldı. Bizim MQHT forumunda koronavirusa qarşı mübarizə qərargahı yaradılıb və 35 nəfərdən ibarət qərargah üzvləri təddiq olunub. Onlar bütün Azərbaycanı əhatə edirlər. Bu gün də operativ qərargahın işinə dəstək olmaq üçün ictimai monitorinq və nəzarət proseslərini, maarifləndirmə fəaliyyətini davam etdirmək istəyirik. İctimai monitorinqlərlə yanaşı, maarifləndirmə işləri aparırıq. Vətəndaş cəmiyyətimiz bu istiqamətdə işlər görür.
– Vətəndaş cəmiyyətindən söz açdınız. Əksər insanlar məslənin ciddiliyini dərk etmək istəmirlər…
– Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu problemə biganə yanaşırlar və virusun yayılmasında ən böyük problem də elə budur. Onlar əhəmiyyət vermədikcə, biz də çox böyük problemlə üzləşə bilərik. Hər bir vətəndaş dərk etməlidir ki, bu və ya digər formada özünün də xəbəri olmadan bu virusun daşıyıcısına və yoluxma mənbəyinə çevrilə bilər. Bunların hamısının qarşısını almaqdan ötrü ilk növbədə insan məsuliyyəti özünü göstərməlidir. Vətəndaş cəmiyyətini, dövlətini, millətini xilas etməkdən ötrü öz töhvəsini verməlidir. Biz də vətəndaş cəmiyyəti olaraq, bunu insanlara aşılayırıq. Görürsünüz, dövlət, operativ qərargah səviyyəsində məlumatlar nə qədər ciddidir. Hökumət nə qədər yoluxma, nə qədər problem olacağından xəbərdardır. Ona görə də karantin elan olundu, hazırda isə fövqəladə hal tətbiq olunub. “Evdə qal, sağlam qal” , “Biz birlikdə güclüyük” , “Evdə qal, cəmiyyəti qoru” kimi şüarlarla müraciət olundu. Televiziyalar bu təbliğata qoşuldular.
– Ötən gün daxili qoşunların dəstələri də polislərə kömək üçün səfərbər edildi…
– Bəli, ən yüksək və peşəkar səviyyədə polis xidməti təşkil olunub. Onlar da xəbərdarlıqla yanaşı, maarifləndirmə işləri aparır, asayişi qoruyurlar. Ən əsası pandemiyanın qarşısının alınmasında çox böyük xidmətlər göstərirlər. Bunların hamısına kompleks yanaşmaq lazımdır. Vətəndaş da bu prosesdən özünü təcrid etməməlidir. Təəssüflər olsun ki, “mənə heç nə olmaz, narahat olmayın” kimi düşünən, etinasız, biganə, məsuliyyətsiz vətəndaşlarımız var. Bunların hamısının qarşısını almaqdan ötrü dövlət sərt tədbirlər görməyə məcburdur.
– Sizcə , sərt tədbirlər narahatlıq və panikanın artmasına səbəb olmayacaq?
– Burada söhbət panikadan, insanları aşırı dərəcədə məhdudlaşdırmaqdan getmir. Bu sərt tədbirlərdən narahat olmaq lazım deyil. Bütövlükdə cəmiyyətin, millətin, dövlətin xilasından söhbət gedir. Bunun bioloji silah, yaxud biolji bəla olmasının məsələyə aidiyyatı yoxdur. Məsələ buradan xilas olmaq, bundan maksimum dərəcədə vətəndaşlarımızın qorunmasıdır. Dövlət və ölkə başçısı da bundan ötrü çalışır. Vətəndaşlar özləri də bilmədən infeksiyanın yayılmasında rol oynayırlar.
– Rauf bəy, son olaraq əhaliyə tövsiyələriniz nələrdir?
– Biz ictimai rəyi formalaşdırmalı, ictimai təbliğatı aparmalıyıq ki, bütün vətəndaşlar bunu anlasın. Təəssüflər olsun ki, bizə məlumatlar daxil olur, rayonlarda ümumiyyətlə, bunu heç kim vecinə almır. Hər kəs öz işindədir. Bu, qətiyyən yolverilməzdir. İnsanlar anlamalıdır ki, bu, ümumölkə, ümumbəşəri problemdir. Ölkəmizi bundan qorumaqdan ötrü hamı bir cərgədə , bir sırada olmalıdır. Hamı dövlətin qərarlarına yüksək səviyyədə riayət etməlidir ki, cəmiyyətimizi qoruya bilək. Bu çox ciddi məsələdir, böyük problemdir.