Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrasını davam etdirilir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük vətən müharibəsi dövrünün, zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-təşviqat işləri aparmaqdan ibarətdir. Layihə çərçivəsində 4 rayonda – Qax, Zaqatala, Oğuz və Şəkidə seçilmiş 4 məktəbdə, gənclər arasında mədəni tədbirlər keçirməklə Azərbaycanın bu tarixi zəfərini, milli-mənəvi dəyərləri və vətənpərvərlik hissini aşılamaq nəzərdə tutulmuşdur.
Belə ki, növbəti tədbir 14 aprel 2022-ci il tarixində Şəki şəhərində – 11 nömrəli orta məktəbdə keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki Şəhəri Gənclər və İdman İdarəsinin rəisi, müəllimlər, məktəblilər, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri olmaqla, 100 nəfər iştirak edib. Tədbir İB-in sədri Bahar Məmmədovanın çıxışı ilə başlayıb. O, Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tural Məmmədov, Şəki Şəhəri Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Daha sonra layihənin təlimçisi Qərənfil Rəhmanova zəfər tarixi ilə bağlı prezentasiya və videoçarx təqdim edib. Tədbir müddətində layihə köməkçisi Seyfəddin Rəhimov və qazilərə də söz verilib. Daha sonra məktəb şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.
Sonda məktəbin direktoru Ədalət Sədiyeva və UBT rəhbəri Arzu Əzizova təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, layihə 1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.