Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli QHT Forumunu ziyarət edib. Görüşdə, həmçinin “İnkişafa və İslahatlara” Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk də iştirak edib. Forumun prezidenti Rauf Zeyni, qonaqları salamlayaraq, əsrlər boyu davam edən Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edib. Həmçinin, qeyd edib ki, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin güclənməsinə imkan yaradır. Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki dövlət arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türk dövlətləri arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Bələdiyyə başqanı Mustafa Guzelkaya ölkəmizdə səfərdə olduğu müddətdə bütün görüşlərdən razı qaldığını və ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Görüşdə türk dünyası ilə əlaqədar bir sıra digər məsələlər üzrə, o cümlədən iki dövlət arasında mədəni, ictimai əlaqələrinin və bələdiyyələrin əməkdaşlığının əhəmiyyəti müzakirə edilib. Azərbaycan–Türkiyə dostluq əlaqələrinin və türk dünyasına müsbət təsir göstərəcəyi qeyd olunub.