“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə əhalisinin sağlamlığının qorunması və COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsdilə yarım ildən çoxdur ki, bütün qüvvələr səfərbər olunub, ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri qeyd edib ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin təhlükəsizlik strategiyası və qəbul etdiyi operativ qərarlar yarana biləcək təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi istiqamətində strateji xətti müəyyənləşdirdi.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə sərhədlərinin bağlanması, xarici ölkələrə aviareyslərin ləvğ edilməsi, təhsil müəssisələrinin, həmçinin bir çox dövlət qurumlarının fəaliyyətlərinin müvəqqəti dayandırılması, mütamadi olaraq xüsusi karantin rejiminin tətbiqi və bununla əlaqədar digər həyata keçirilən operativ tədbirlər pandemiyanın yayılmasının qarşısının alınması və yayılmasının minimuma endirilməsi istiqamətində həyata keçirilən praqmatik addımlardır.
Ölkə əhalisinin sağlamlığının qorunması naminə görülən böyük tədbirlər fonunda dövlət rəsmiləri olan vəzifəli şəxslərin, məmurların toy mərasimlərini təşkili etməsi ictimaiyyətə mənfi “örnək” olmaqla yanaşı, bu vaxta qədər Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərə qarşı ciddi təxribatdır.
Azərbaycan hüquqi, demokratik dövlətdir, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir, kimliyindən, vəzifəsindən asılı olmayaraq hamı qanun qarşısında bərabər məsuliyyət daşıyır”, deyə Nüşabə Məmmədova bildirib.