“Makronun niyyətini biz yaxşı bilirik” – MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra haqlı zəfərini əldə etdi. Bu bütün dünyaya aydındır. Eyni zamanda bütün dünya da bunu qəbul etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun Prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, dünyanın aparıcı ölkələri bu müharibənin Azərbaycanın daxili və haqq işi olduğunu etiraf etdi: “Düzdür, bəziləri bunu deməsə də, qəbul etdi. Bizim işimiz haqq işidir. Bunu cənab Prezidentimiz də deyib. Qalib gəlməli idik və gəldik. Şəhidlərimizin ruhu şad olsun. Allah qazilərimizə şəfa versin. Milli birliyi təmin edən xalqımız var olsun”.

Rauf Zeyni sözlərinə belə davam edib: “Fransa kimi ölkələrin bu zəfərin, regionda sülhün-stabilliyin və inkişafın təmin olmasının əleyhinə çıxmaqla, burada öz siyasi, hərbi, regional maraqlarını təmin etməklə region uğrunda nüfuz müharibəsində daha ciddi bir aktor olmaqla nə etmək istədiyini özündən başqa bilən yoxdur. Burada aparıcı və regionda maraqları olan ölkələr öz maraqları üçün mübarizə aparırlar. Amma regionda müharibəni stimullaşdırmaq, bərpa etmək və yeni müharibələr yaratmaq demokratiya iddia edən ölkənin adına qəti yaraşmayan hərəkətdir. Emmanuel Makronun ermənispərəst olmaq niyyətinin nədən ibarət olduğunu Azərbaycan xalqı yaxşı bilir. Ona görə də biz onu qətiyyətlə pisləyirik. Regionda antiterror tədbiri başa çatdıqdan sonra Ermənistanın Azərbaycanla sülh sazişinə getdiyi bir məqamda yeni müharibələrə stimul vermək qətiyyən yolverilməzdir. Fransa ictimaiyyətinə bir daha müraciət edirik ki, dövlətinin apardığı siyasətə yenidən baxsın”.

Paylaşın: