Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər
“Vaqif Xaçatryan olayı Qarabağ iqtisadi rayonumuzda günlərini sayan separatçı rejimə xəbərdarlıq mesajıdır. Hərbi cinayətkarlar ya ərazimizdən çıxışda, yəni Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində, ya da keçiriləcək növbəti antiterror əməliyyatı zamanı həbs olunacaqlar”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.
R. Zeyni qeyd edib ki, Meşəli kəndində soyqırımı törətmiş hərbi cinayətkarın Laçın buraxılış məntəqəsində ölkədən qaçarkən saxlanılması faktı həm də ondan xəbər verir ki, Xaçatryan kimi axtarış siyahısında olan yüzlərlə erməni hələ də Qarabağımızda yaşamaqda davam edir: “Xankəndidəki daşnak-revanşist separatçı rejim və İrəvan iqtidarı onları hər vəchlə himayə edir, beynəlxalq təşkilatlar isə nəinki bu vandalizmə göz yumur, hətta onların müdafiəsinə qalxır.
Lakin Qarabağda insanlıqla bir araya sığmayan cinayətlər törətmiş şəxslərin müəyyənləşdirilməsi, onların hüquqi məsuliyyətə cəlb edilməsi tarixin hökmüdür. Otuz ilə yaxın davam edən işğal zamanı minlərlə soydaşımız qətlə yetirilmiş, ağır işgəncələrə məruz qalmış, yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüşdür.
Cinayətkar Xaçatryanın saxlanılması həmin soyqırımdan zərər çəkənlərin hüquqlarının qorunması, ədalətin bərpa olunması yönündə atılan vacib addımdır.”
R. Zeyni vurğulayıb ki, İndi Xaçatryanın müdafiəsi üçün utanmadan beynəlxalq hüquqa istinad edən Hayastan minlərlə soydaşımızın vəhşicəsinə qətlinə rəvac verib, dörd minə yaxın azərbaycanlının əsirlikdə qalmasında, itkin düşməsində iştirak edib: “Bəs nədən bu zaman beynəlxalq hüquq yadlarına düşmürdü? Ermənistanın XİN məsələnin mahiyyətinə dəxli olmayan, hüquqi cəhətdən səbatsız, manipulyativ bəyanat verməklə dünya ictimaiyyətinə, guya, Qarabağda yaşayan ermənilərin təhdid altında olduqları fikrini yeritməyə çalışır. Lakin şər-böhtandan yoğrulmuş bu yalan da əvvəlkilər kimi baş tutmayacaq.
İstər milli, istərsə də beynəlxalq hüququn tələbləri Azərbaycan dövlətinə təkcə Meşəlidə, Xocalıda deyil digər yaşayış məntəqələrində xalqımıza qarşı ağır cinayətlərdə əli olan şəxsləri məsuliyyətə cəlb etmək imkanını verir. Bakı müharibə canilərini məsuliyyətə cəlb etməklə hüququn aliliyini, ədaləti bərpa edir və bu yöndə presedent formalaşdırır.
Əgər vaxtında Meşəli qətliamını törədən cəlladlara münasibətdə zəruri hüquqi addımlar atılsaydı, onların məsuliyyətdən yayınmasına imkan verilməsəydi, beynəlxalq birlik ikili standartlardan deyil, ədalət prinsiplərindən çıxış etsəydi, sonra nə Xocalı soyqırımı, nə də başqa müharibə cinayətləri baş verərdi. Bu mənada Azərbaycan hökuməti soyqırımı canilərini məsuliyyətə cəlb etməklə, yeni qətliamlara, hərbi cinayətlərə zəmin yarada biləcək cəzasızlıq mühitini aradan qaldırır”.
R. Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Meşəli soyqırımının qurbanlarının beynəlxalq ictimaiyyətə açıq məktubla müraciətini dəstəklədiklərini bildirib: “Biz bu müraciəti dəstəkləyirik. Bu camaat Vaqif Xaçaturyanı yaxşı tanıyır. Onun əlləri dinc insanların – körpələrin, qadınların, qocaların qanına batıb.
Meşəlidə bu insanlara vurulan yaralar hələ də sağalmayıb. İllərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirlər, doğma yurd yerlərindən didərgin düşüblər. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər.
Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu qədər ağır faciəyə rəğmən Meşəli sakinləri yenə də müdriklik göstərərək, bundan sonra sülh içərisində yaşamaq istəyir, doğma yurdlarında ermənilərlə yanaşı yaşamaqda problem görmürlər. Amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Meşəli soyqırımının qurbanları beynəlxalq ictimaiyyətdən haqlı olaraq tələb edir ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur”.