QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvü QHT nümayəndələri ilə onlayn formatda görüşüb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvlərinin QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşləri davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 2-də Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənovun əlaqələndiricisi olduğu insan haqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə onlayn görüşü keçirilib.

“Zoom” platforması üzərindən təşkil edilən görüşdə Müşahidə Şurasının üzvləri Əvəz Həsənov və Zaur İbrahimli Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə çıxış edib, gələcək planları haqqında iştirakçılara məlumat verdilər.

Ə.Həsənov əlaqələndirici olduğu sahələr üzrə fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyəti, onların dayanıqlığı üçün vacib olan istiqamətlər və gələcəkdə Agentliklə əməkdaşlığın qurulması üçün görüş iştirakçılarına fikirlərini diqqətə çatdırdı. Eyni zamanda, Agentliyin QHT-lərin layihələrinin maliyyələşdirilməsini nəzərdə tutan qrant müsabiqələrinin mövzuları barəsində fikir mübadiləsi aparılmasının vacibliyini bildirib.

Görüşdə çıxış edən tanınmış QHT təmsilçiləri ölkədə insan hüquqları, hüquqi məsələlər ilə bağlı maarifləndirmə proqramlarının artırılması, nəzərdə tutulan maliyyə yardımı zamanı dəqiq meyarların hazırlanması, QHT-lərin institusional bazasının yaradılması üçün dövlətin dəstəyinin artırılması, xüsusən onların icra etdikləri layihələr və yaxud davamlı fəaliyyətini təmin etmək üçün “QHT evi” adlı ofisin yaradılması və QHT-lərə rəmzi şərtlər ilə icarəyə verilməsi kimi məsələləri diqqətə çatdırıblar. Xüsusən regionlarda vətəndaş cəmiyyətinin inkişafı, onların sosial problemlərin həlli və həssas qruplar ilə işləməsi istiqamətində fəaliyyətlərin təşviq olmasının vacibliyi vurğulanıb. QHT-lərin işğaldan azad olunmuş ərazilərin bərpası prosesi, ora geri qayıdacaq vətəndaşlar ilə işlərin intensivləşdirilməsi, milli azlıqlar ilə əlaqələrin daha da sıx qurulması və inteqrasiya proseslərində fəal olması üçün Agentliyin dəstəyinin artırılmasını təklif ediblər.

Ə.Həsənov diqqətə çatdırıb ki, Agentliyin qarşısında duran əsas məsələlərdən biri QHT-lərlə işin aparılmasında şəffaflığın təmin olunması ilə yanaşı, müasir idarəetmənin yaradılması, QHT-lərin peşəkarlığının artırılması, onların ölkə üçün prioritet sayılan sahələrə cəlb edilməsinin təşviqi və QHT-lərin gələcəkdə dayanıqlılığının təmini üçün tədbirlərin görülməsindən ibarət olacaq.

 

 

Paylaşın: