“Zəfər Tariximizi Yaşadaq!” layihəsinin icrasına start verildi!

 

Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrasına başlanıldı.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Ermənilərin uzun illər işğalçılıq siyasəti, insanların başına min bir müsibətlər gətirməsi, kütləvi qırğınlar, soyqırımları, törədilən təxribatlar  unudulmamalı, hər bir azərbaycanlı qan yaddaşımızı xatırlamalıdır, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan zəfərimizin tarixini hər bir vətəndaş bilməlidir. Ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir. Qürurverici haldır ki, bu günün gəncləri bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğunda görülən işləri özlərinin əsas vəzifələri hesab edirlər. Bu istiqamətdə məktəblilərin, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və bunun aşılanması olduqca əhəmiyyətlidir. Belə ki, Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük vətən müharibəsi dövrünün, zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-təşviqat işləri aparmaqdan ibarətdir. Layihə çərçivəsində 4 rayonda – Qax, Zaqatala, Oğuz və Şəkidə seçilmiş 4 məktəbdə, gənclər arasında mədəni tədbirlər keçirməklə Azərbaycanın bu tarixi zəfərini, milli-mənəvi dəyərləri və vətənpərvərlik hissini aşılamaq nəzərdə tutulmuşdur. Layihənin yekununda Qax rayonunda qazi və gənclərin iştirakı ilə birlikdə yekun tədbir keçiriləcəkdir. Layihənin nəticəsi olaraq regionlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək göstəriləcək, 1000-ə yaxın məktəbli və gənc Azərbaycanın milli-mənəvi dəyərləri və zəfər tarixi barədə maariflənəcək, KİV vasitəsilə layihə barədə ictimaiyyətə QHT sektorunun bu istiqamətdə fəaliyyəti çatdırılacaq.

Layihə 1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

Paylaşın: