MQF İctimai Nəzarətin Koordinasiya Şurasının ilk onlayn toplantısı keçirildi

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 7 aprel 2021-ci il tarixində MQF İctimai Nəzarətin Koordinasiya Şurasının ilk toplantısı keçirildi. Toplantı gündəliyinin əsas məsələləri MQF İctimai Nəzarətin Koordinasiya Şurasının Əsasnaməsinin təsdiqi, təşkilati məsələlər və ölkədə ictimai nəzarətin təmin olunması məsələləri müzakirə edildi. İlk olaraq MQF-nin prezidenti Rauf Zeyni iştirakçıları salamlayaraq açılışı etdi. Toplantının gündəliyindəki əsas məsələləri Koordinasiya Şurasının üzvlərinin diqqətinə çatdırdı. MQF İctimai Nəzarətin Koordinasiya Şurasının əsas məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarətdir. İştirakçılar Əsasnaməni müzakirə edərək əlavə edilməsi üçün təkliflər irəli sürdü. Əsasnaməsə qoyuldu və əlavə və dəyişikliklər nəzərə alınmaqla, əsasən, qəbul edildi.

Daha sonra MQF İctimai Nəzarətin Koordinasiya Şurasının üzvləri arasından 15 nəfərdən ibarət İdarə Heyəti üçün namizədlər irəli sürüldü. Belə ki, Rauf Zeyni, Fikrət Yusifov, Aydəm İsmayılov, Asif Əsgərli, Qorxmaz İbrahimli, Umud Mirzəyev, İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əhməd Abbasbəyli, Aydın Kərimov və Əhməd Qəşəmoğlu İdarə Heyətinin üzvləri seçildi.

Koordinasiya Şurasının digər təşkilati məsələləri və ictimai nəzarətin təmin olunması barədə müzakirə edildi. İştirakçılardan Eyyub Hüseynov, Novella Cəfəroğlu, Əhməd Qəşəmoğlu, Fikrət Yusifov, Əhməd Abasbəyli, Məhəmməd Vəliyev, Qorxmaz İbrahimli, Səadət Bənənyarlı, Akif Kərimov, Səidə Qocamanlı, Umud Mirzəyev, İlham İsmayılov, Asif Əsgərli, Ruslan Atakişiyev, Gülnarə Hüseynova, Əbülfəz Babazadə, Şahin Rəcəb, Aydın Xan Əbilov, Mehdi Mehdiyev, Davud Rəhimli, Mirata Ağayev, Samirə Mustafayeva, Çingiz Bayramov, İbrahim İbrahimov və Ramil Əliyev müzakirədə çıxış edərək öz təklif və fikirlərini bildirdilər. Daha sonra MQF Hüquq Mərkəzinin direktoru, Vəkillər Kollegiyasının üzvü Rövşən Nəbiyev Əsasnamə ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirdi.

Tədbirin sonunda MQF İctimai Nəzarətin Koordinasiya Şurasının İdarə Heyətinin  toplantısının ən  yaxın zamanda keçirilməsi qərara alındı.

Yekunda Rauf Zeyni Koordinasiya Şurasının üzvlərinə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, dövlətimizin və cəmiyyətimizin inkişafı naminə yaradılan bu Koordinasiya Şurası MQF tərəfindən irəli sürülən ciddi təşəbbüsdür, Forum ən böyük ictimai koalisiya və təcrübəli, peşəkar komanda olaraq ictimai nəzarətin təmin və koordinasiya olunması vəzifəsini geniş miqyasda yerinə yetirməyə çalışacaqdır.

Paylaşın: