İşğaldan azad edilmiş ərazilərin bərpasında investorlar üçün əlverişli şərait yaradılıb

 İşğaldan azad edilmiş ərazilərin bərpasında investorlar üçün əlverişli şərait yaradılıb

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələndi, ərazilərimiz işğaldan azad olundu. Hazırda isə mənfur düşmənlərdən azad edilən bu regionda böyük quruculuq işləri gedir və istər Türk Dövlətləri Təşkilatları, istərsə də digər investorlar əraziyə cəlb olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Zeyni qeyd edib ki, artıq bu gün sözügedən əraziləri inkişaf etdirmək üçün ölkəmizə qarşı ədalətli mövqedə olan investorları cəlb edə bilərik. Bu baxımdan qardaş ölkələrin bu və ya digər layihələrinin həyata keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb:

”Məsələn, Özbəkistan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilən 960 şagird yerlik məktəbin tikilməsi çox böyük hadisədir. Türkiyə Respublikasının və Qazaxıstanın şirkətləri də azad edilmiş ərazilərin bərpasında geniş yer alıb. Bütün bunlar bizi həm də ona görə sevindirir ki, bu ölkələr Türk Dövlətləri Təşkilatına daxil olan qardaş ölkələrdir”.

Milli QHT Forumunun prezidenti həmçinin vurğulayıb ki, ötən müddətdə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Macarıstan və digər ölkələrdən olan sahibkarlar da Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymaq istəklərini ifadə ediblər. Bu göstərici xarici şirkətlər üçün Qarabağın böyük iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Belə ki, həmin ərazilərdə investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin verilməsi də çox əhəmiyyətlidir.

Ümumilikdə isə Azərbaycan tolerant ölkə olduğundan, ərazilərin yenidən qurulmasında digər ölkə investorlarının da iştirakında maraqlıdır.

Paylaşın:

SON YAZILAR