Rauf Zeyni: Vətəndaş cəmiyyətinin inkişafı ölkəmiz üçün çox vacibdir

 Rauf Zeyni: Vətəndaş cəmiyyətinin inkişafı ölkəmiz üçün çox vacibdir

Milli QHT Forumu olaraq 25 ildir Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu prosesində QHT-lərin inkişafı, regionlarda QHT hərəkatının gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ictimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və digər istiqamətlərdə fəaliyyət göstəririk. Zaman-zaman regionlarda da forumlarımız keçirilir və yerli QHT-lər bu tədbirlərə dəvət olunur. Forumlarda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil olunur, ölkədə və dövlətimizdə baş verən proseslər, bu proseslərə vətəndaş cəmiyyətinin münasibəti və digər məsələlərlə əlaqədar ictimai müzakirələr aparılır, QHT-lərin rəy və təklifləri dinlənilir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni Şəkidə keçirilən regional forum zamanı bildirib.

Şəkidən əvvəl Lənkəran və Qubada da forumların keçirildiyini söyləyən Milli QHT Forumunun prezidenti növbəti regional forumların dekabrın 29-da Gəncədə, yanvarın 8-də Naxçıvanda keçiriləcəyini, yanvarın 10-da isə Bakıda Ümumrespublika Forumunun reallaşacağını diqqətə çatdırıb.

Rauf Zeyni bildirib ki, ötən müddət ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasətin nəticəsi olaraq vətəndaş cəmiyyətinə lazımi şərait və imkanlar yaradılıb. Bir çox dövlət qurumlarında vətəndaş cəmiyyəti, ictimai iştirakçılıq təmin olunub. QHT-lərin maliyyələşdirilməsinə dövlət tərəfindən böyük dəstək verilir.

“Son 20 il ərzində aparılan siyasət nəticəsində tarixi Zəfər əldə olunub. Azərbaycan xalqı, ictimaiyyəti bu siyasətin davam etməsini arzulayır. Vətəndaş cəmiyyəti olaraq biz də hər zaman ölkə Prezidentinin apardığı siyasəti dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Çünki vətəndaş cəmiyyətinin inkişafı ölkəmiz üçün iqtisadiyyatın, silahlı qüvvələrin inkişafı kimi çox vacibdir. Prezidentimizin yaratdığı şərait buna imkan verir ki, biz də öz cəmiyyətimizi inkişaf etdirək” – deyə o əlavə edib.

Paylaşın:

SON YAZILAR