“Mən 2002-ci ildə ilk dəfə olaraq Demokratik Seçki Mərkəzinin sədri kimi Türkiyədə müşahidəçi olmuşam. O zaman Türkiyədə siyasi mühiti görüb, münasibətləri və seçkiləri müşahidə etmişəm. Türkiyədə demokratik seçkilərin necə keçirildiyini, qanunların alilik prinsipinə necə əməl olunduğunun, beynəlxalq və yerli müşahidəçiləri, bir sözlə bütün bunların hamısının şahidi olmuşam. Həmin il seçkilərdə müşahidə etdiklərimizlə bağlı ölkəmizdə televiziya kanallarında müsahibələr verib, çıxışlar etmişəm. Görmüşəm ki, Türkiyədə demokratik mühit var və seçki qutularına heç bir müdaxilə olunmur. Bu 21 il bundan öncə idi. Mən indi də Türkiyədə keçirilən seçkiləri izləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti bütün dünyaya şəffaf seçkilərlə bağlı örnək oldu: “Türkiyə bütün dünyaya bir daha seçki dərsi dedi. Türkiyəni başqa gözlə görmək istəyənlər, onun tarixi yolu və missiyasına qara yaxmaq, onu aşağılamaq, beynəlxalq nüfuzuna zərbə vurmaq istəyənlərin əməlləri puç oldu.
Cənab Rəcəb Tayyib Ərdoğan çox gözəl qeyd etdi ki, “Seçkinin nəticəsində demokratiya və türk xalqı qazandı”. Doğrudan da seçkilərin ikinci mərhələyə keçməsi Yüksək Seçim Kurulu tərəfindən bir daha göstərdi ki, burada yalnız və yalnız xalqın səsi rol oynayır. Ədalətli qərar qəbul olundu ki, 28 mayda seçkilərin ikinci turu keçiriləcək. Nəticədə hansı namizəd qalib gələcəksə, o da 13-cü prezident elan olunacaq.
Bütün bunlar Türkiyədəki mühitin bütün dünyaya göstəricisidir ki, hər hansı bir formada Türkiyəyə təsir göstərmək mümkün deyil. Mən bütövlükdə türk xalqına xeyirli nəticələr arzu edirəm. İnanıram ki, sonda yenə də Türkiyə demokratiyası və türk xalqı qalib gələcək”.