Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasının 2024-cü il avqustun 15-də növbəti – üçüncü hidrid görüşü keçirilib.
APA xəbər verir ki, görüşdə COP29 və lokal, milli və beynəlxalq inkişaf təşəbbüslərində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakının artırılması mövzusunda geniş müzakirələr aparılıb.
UNFCCC çərçivəsində dünya üzrə müşahidəçi təşkilat statusuna malik 3600-dən çox QHT-nin birləşdiyi 9 Həmfikir Qrupdan biri olan RİNGO Həmfikir Qrupunun həmtəsisçisi, amerikalı professor Bet Martin RİNGO barədə təqdimatla çıxış edib, bildirib ki, RİNGO COP29 QHT Koalisiyasında yer alan QHT-lər üçün müxtəlif mövzularda vebinarlar təşkil edə bilər.
Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (The Afrihealth Optonet Association (AHOA)) rəhbəri Uzodinma Adirieje bu Koalisiyanı inklüzivliyin təmin olunması üçün mühüm platforma adlandırıb və bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları iqlim dəyişmələri mövzusunda fəallıqlarını daha da artırmalıdır.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərliyinin moderatorluğu ilə keçirilən tədbirdə COP29 QHT Koalisiyasının Fəaliyyət Planı layihəsi üzərində də iş aparılıb, müxtəlif bəndlər müzakirə edilib. Qərara alınıb ki, Fəaliyyət Planı layihəsi üzərində iş bütün iştirakçıların kollegial müzakirəsi ilə davam etdirilsin.
Təkliflər sırasında Koalisiya tərkibində müxtəlif işçi qrupların yaradılması da müzakirə olunub.
COP29 QHT Koalisiyasında təmsil olunmaq üçün xarici ölkələrdən müraciətlər artmaqdadır. Artıq 43 ölkədən 170 QHT bu Koalisiyada yer alır. Onlardan 69-u UNFCCC çərçivəsində müşahidəçi təşkilat statusuna malik QHT-lərdir. Azərbaycandan olan QHT-ləri Koalisiyada Azərbaycan Milli QHT Forumu təmsil edir.