“Vətəndaş cəmiyyəti sektorunda islahatların aparılmasına ehtiyac var” – MÖVQE

 “Vətəndaş cəmiyyəti sektorunda islahatların aparılmasına ehtiyac var” – MÖVQE

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu yolunda aparılan islahatlar zaman-zaman öz bəhrəsini verib. Müstəqilliyin ilk illərində fərqli yöndə davam edən dövlət quruculuğu sonrakı illərdə özünün inkişaf yoluna qədəm qoyub.

1993-cü ilin iyununda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli Lider Heydər Əliyev yeni mərhələnin təməlini qoydu və müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu yolunda inamla irəllədi. Müstəqilliyimizin ilk illərində Azərbaycana edilən təzyiqlər, ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, ölkə daxilindəki qeyri-sağlam mühit dövlətçiliyimizə qarşı təhdid olsa da, ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu təhlükələr aradan qaldırıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası ümumxalq səsverməsində qəbul edildi. Hüquqi dövlət quruculuğunun ən vacib elementi hesab olunan, dünyəvi dəyərləri özündə ehtiva edən Konstitusiyada Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər əsas götürülüb. Və bütün cəmiyyətin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunması, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayıb suveren hüququndan istifadə etməklə, aşağıdakılar bəyan edilib:

  • – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
  • – Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
  • – vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
  • – xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
  • – ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
  • – ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Dövlət aktında qeyd olunan bu tezislər dövlətçiliyimizin ana xəttinə çevrilib və hüquqi prinsiplərə əsaslanır. Hüquqi dövlətin yaradılmasında  əsas prinsiplərin özündə ehtiva edilməsi yeni yaranan demokratik cəmiyyətdə xüsusi əhəmiyyətə malik idi. Hüquqi dövlətin əsas atributları hesab olunan bu prinsiplər müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır. Artıq Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində vətəndaş cəmiyyətinin inkişafına diqqət ayrılıb və bu sahəyə dəstək verilib.

KONKRET.az-a açıqlamasında Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaranması Azərbaycanın prioritet istiqaməti olub. Azərbaycan dövlətinin ən böyük işi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasıdır. İqtisadi cəhətdən dövlət inkişaf edə bilər, hərbi cəhətdən də dövlətin güclü olması vacibdir. Amma dövlətlərin gücü həm də vətəndaş cəmiyyətinin güclü olması ilə ölçülür. Vətəndaş cəmiyyəti güclüdürsə, bütün sahələrdə təsbit olunubsa, deməli, bu sektor öz işini günün tələbləri səviyyəsində quracaq.

Bütün hüquqi bazanın qəbul olunması, beynəlxalq standartlara uyğun hüquqi sənədlərin qəbul edilməsi və vətəndaş cəmiyyətinin maddi-texniki bazasının yaranması, kadr potensialı vətəndaş cəmiyyətinin əsas göstəriciləridir. Azərbaycanda bu istiqamətdə çox pozitiv inkişaf prosesləri gedib. 1997-ci ildə hüquqi dövlətdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı BMT ilə memorandum imzalanıb.1999-cu ildə Milli QHT Forumu yaradılıb. 2000-ci ildə Milli QHT Forumunun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə “QHT-lər, ictimai birliklər və fondlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu gün həmin qanunla üç min yeddi yüz QHT Ədliyyə Nazirliyində qeydiyatdan keçib. Bu proses ardıcıllıqla davam edir. Dövlət sektoru, özəl sektor və ictimai sektoru müqayisə eləsək, dövlət sektorunun əhəmiyyətli dərəcədə inkişaf etməsinin şahidi olarıq.

Özəl sektorda da kifayət qədər inkişaf var. Onlarla müqayisədə vətəndaş cəmiyyəti sektoru böhranlı dövrünü yaşayır. Çünki maddi texniki baza yoxdur. Ona görə də kadr çatışmazlığı var. Kadr gəlir, iki, üç aylıq layihədə iştirak edir, sonra maddi səbəbdən iş yerini tərk edir. Bununla da kadr potensialı dağılır. Bu gün bir çox insanların fədailiyi hesabına vətəndaş cəmiyyəti yaşayır. Əgər bir təşkilatda işləyən adam əməkhaqqı almırsa, həmin şəxsin iş yerini tərk etməsi labüddür. Daimi vəsait, maddi təminat  olmadığına görə kadrları saxlamaq qeyri-mümkündür. Qrant layihələri ilin əvvəlində təqdim olunmaq əvəzinə ilin ortasında verilir. Yayın ortasında bir-iki tədbir həyata keçirdikdən sonra ilin axırında hesabat verilir, bununla da məsələ bitir. Bu, çıxış yolu deyil. Biz 2019-cu ildən bu yana bir neçə dəfə bu mövzunu müzakirə etmişik. Həmin müzakirələrdə 15 təklif irəli sürülüb. Qanunvericilik bazasının təkmiləşdirilməsindən tutmuş, QHT-lərin maddi texniki bazasının yaranmasına qədər. İndi vətəndaş cəmiyyəti sektorunda islahatların aparılmasına ehtiyac var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyi yaranıb. Biz agentliyə müraciət etsək də, məsələyə baxılmır. İldə bir neçə dəfə müxtəlif layihə üzrə qrant vermək QHT sektorunun problemlərini həll etmir. Biz tarixi qələbə qazanan xalqıq. Ona görə də zəfərə layiq cəmiyyət yaratmalıyıq. Bunun üçünsə vətəndaş cəmiyyətinin üzərinə müəyyən iş düşür.

Bir çox QHT qeydiyyata alınıb, amma bəziləri qeydiyyata alınmır. Bizə müraciət  edirlər ki, sənədlərimiz qaydasında olsa da, qeydiyyata almırlar. Bunlarla bağlı Ədliyyə Nazirliyinə təkliflər vermişik, demişik ki, qeydiyyat uçot ilə əvəz olunsun. Yəni sənəd təqdim edilən zaman təşkilat qeydiyyata alınsın. Bu, dünya təcrübəsində belədir. 2007-ci ildə dövlət dəstəyi konsepsiyası qəbul olundu. 2008-ci ildə Dövlət Dəstəyi Şurası yaradıldı. Həmin dövr yüksəliş dövrü idi. Sonrakı mərhələlərdə isə proses dayandı. Bu proseslərə mane olanlar da var idi. Müəyyən vəzifəli şəxlər var idi ki, inkişafa mane olurdular, ayrı-seçkilik edirdilər.  İndi həmin dövr arxada qalıb. Bu gün Azərbaycanda güclü vətəndaş cəmiyyəti var”.

Paylaşın:

SON YAZILAR