Azərbaycanın qeyri-hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir:
“Azərbaycanın QHT icması Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində işlər görülməsini səbirsizliklə gözləyirdi. Azərbaycana qarşı illərlə davam edən təcavüzlərə baxmayaraq, biz barışığa sadiq qalmışıq və qalırıq. Lakin Ermənistanın davamlı təxribatları yekun sülh sazişinin imzalanmasını pozduğu üçün iki ölkə arasında sülh məsələsi hələ də həllini tapmır.
Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur. Sərhəd ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozan çoxsaylı təxribatlar da bu həssas sülhü təhlükə altında saxlayır.
Bu gün biz Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində 2 Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib. Lakin sonra erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevrə Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar.
Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq.
Həmçinin qeyd edək ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez və zərərsiz şəkildə geri qaytarılıb.
Biz, sizdən hər iki Azərbaycan vətəndaşının sağ-salamat vətənə qayıtmalarına köməklik göstərməyinizi xahiş edirik”.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.