Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan “Qarabağ musiqisini erməni təcavüzündən qoruyaq” layihəsi çərçivəsində Sumqayıt Poeziya Evində təqdimat mərasimi keçirildi. Layihə rəhbəri Nərgiz Səfərli çıxış edərək tədbiri açıq elan edib. O öz çıxışında layihə haqqında məlumat verərək Layihənin məqsədinin Qarabağ musiqiçilərini, bəstəkarlarını tanıtmaq, ermənilərin mənimsəmiş olduqları Qarabağ musiqisini qorumaq və beynəlxalq arenada həmin ifaların Azərbaycana məxsus olmasının nümayiş etdirilməsi olduğunu bildirdi. Eləcə də, Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği və musiqiçilərin yaradıcılığının dəstəklənməsi məqsədi də daşıyır. Daha sonra, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən – sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Elə ifaçılar var ki, xüsusilə Qarabağ musiqiləri, musiqiçilərinin əsərləri əksər Azərbaycan xalqına məlum deyil, bundan istifadə edən ermənilər həmin əsərləri oğurlayaraq ifa edirlər. Buna misal olaraq, Ələkbər Tağıyevi misal gətirmək olar. Onun bütün əsərləri demək olar, erməni bəstəkarının əsərləri kimi təqdim olunur. Lakin, bu deyildir. Bu baxımdan Azərbaycanın mədəniyyət xadimləri, alimləri Qarabağın musiqi xadimləri, alimlərinin yaradıcı portretləri, musiqi folkloru və digər bu kimi mövzular üzərində işləyir, bölgənin musiqi tarixi və ənənələri, mədəniyyəti, abidələri ilə bağlı tədqiqatlar aparır, elmi məqalələr, kitablar nəşr etdirirlər.
Daha sonra, tədbirdə iştirak edən “Göyərçin”-Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı, “Azərbaycan Milli QHT Forumu Könüllüləri” İB-nin sədri Nərmin Kərimova və digər qonaqlar çıxış etdilər.
Sonda layihə çərçivəsində hazırlanan video çarxlar nümayiş olundu. Layihədə fəal iştirakına görə Sumqayıt şəhər musiqi məktbələrinin müəllimləri, şagirdlər fəxri fərman və xüsusi hədiyyə ilə təltif olundular.