Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qayıdışın təmin olunması böyük nailiyyətdir — ŞƏRH

 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qayıdışın təmin olunması böyük nailiyyətdir — ŞƏRH

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən sosial-iqtisadi inkişaf və həyata keçirilən Dövlət Proqramı böyük qayıdış çərçivəsində həyata keçirilən quruculuq işləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, əldə olunan nailiyyətlər, aparılan böyük quruculuq, bərpa işləri böyük ruh yüksəkliyi yaradıb. Artıq son vaxtlar qeyri-hökumət təşkilatları da regiona tez-tez səfər edirlər: “Məsələn Ağdamda, Şuşada və digər bölgələrdə bizə hansı işlərin görülməsi ilə bağlı Baş plan təqdim olundu. Baş plana uyğun olaraq, 2021-ci ildən sonra Ağdama, Şuşaya, Suqovuşana, Zəngilana, Xudafərinə və digər ərazilərimizə tarixi səfərimiz oldu. Səfərlər çərçivəsində ölkə Prezidentinin xüsusi nümayəndələri tərəfindən təqdimatlar olur. Tədqimatlardan biz görürdük ki, böyük işlər həyata keçirilir, nəhəng quruculuq işləri görülür. Təsəvvür yaranırdı ki, qısa müddət ərzində Azərbaycan işğaldan azad olunmuş ərazisində çox böyük qələbəlik və irəliləyiş olacaq. Dövlətimiz bu ərazilərdə həyatın tezliklə bərpa olunmasında, ora tezliklə yerli əhalinin köçürülməsində maraqlıdır. Həmin regionlarda vətəndaş cəmiyyətinin yaranması isə artıq bizim işimizdir. Yəni böyük qayıdışın özü də böyük hadisədir və bizim də qeyri-hökumət təşkilatları bu proseslərdə fəal iştirak edirlər və biz yenə də əhali arasında öz missiyamızı yerinə yetiririk. O cümlədən, beynəlxalq ictimaiyyət tərəfindən bu proseslər necə qarşılanır, necə müşahidə olunur və əlbəttə ki, bunlar hamısı ictimai rəydir və ictimai rəyin öyrənilməsi sahəsində də qeyri-hökumət təşkilatları öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

R.Zeyni qeyd edib ki, qısa müddət ərzində Füzulidə, Laçında, Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox böyük işlərin görülməsindən xəbər verir. Bu nəticələr xalqımızı sevindirir, ictimaiyyətimiz də bundan məmnun olur.

Milli QHT Forumunun prezidenti, həmçinin nəzərə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə çalışan bəzi insanların minaya düşməsi çox böyük çətinliklər yaradır. Belə ki, mənfur düşmənlərimiz bu günədək mina basdırılan xəritələri Azərbaycana verməyib və bu da müəyyən mənada proseslərə öz mənfi təsirini göstərir: “İnsanlar heç bir günahı olmadan mina qurbanı olurlar. Bu da böyük bir problemdir. İnsanlar sözügedən regiona stabilliyin, davamlı sülhün gəlməsini gözləyirlər, çünki orada daimi davamlı sülh olmasa, bizim əhalimizə böyük bir təhlükə yarada bilər. Ona görə də bu təhlükələrin hamısına son qoymaq üçün, regionda sosial-iqtisadi inkişafa nail olmaq üçün əlbəttə ki, antiterror tədbirlərinə ehtiyac var. Çünki Ermənistan tərəfindən hər hansı bir hərbi təxribatlar törədilərsə, əhali bundan ziyan çəkə bilər. Bu olmasın deyə, bütün mənalarda təhlükəsizliyimizi də yüksək səviyyədə təmin etməliyik”,- deyə R.Zeyni vurğulayıb.

Paylaşın:

SON YAZILAR